Qanunvericilik

Lotereyaların təşkili və keçirilməsi Qaydası

1. Ümumi müddəalar

1.1. Bu Qayda “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununun (Qanun) 3.2.3-cü, 3.2.4-cü, 3.2.5-ci, 7.2-ci, 7.4-cü, 7.9-cu, 8-2.2-ci, 9.8-ci və 10.1.7-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və lotereya təşkilatçısı (bundan sonra – Təşkilatçı) tərəfindən lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) qeydiyyatı qaydalarını, lotereyaların təşkili və keçirilməsi ilə bağlı nəzarətin həyata keçirilməsi, məlumatların açıqlanması, lotereya biletlərinin hazırlanması, elektron lotereya biletlərinin istifadə qaydaları və onların rekvizitləri, uduşlu lotereya biletlərinin saxlanılması, satılmamış lotereya biletlərinin satıcılardan geri alınması və məhv edilməsi, elektron lotereyalarla bağlı fərdi məlumatların informasiya sistemlərində əks olunmalı məlumatların siyahısı, lotereyanın dayandırılması və ya onun keçirilməsinə Qanunun 9.3.1-ci və 9.3.2-ci maddələrində nəzərdə tutulmuş hallarda xitam verilməsi, həmçinin bu halda lotereya iştirakçılarının tələblərinin ödənilməsi və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına (bundan sonra – Palata) lotereyanın təşkili və keçirilməsi ilə bağlı məlumatların təqdim edilməsi qaydalarını müəyyən edir.
1.2. Bu Qaydada istifadə edilən “elektron lotereya bileti” anlayışı elektron lotereyaların təşkili və lotereya biletlərinin elektron qaydada satışı zamanı lotereyada iştirak hüququ verən və uduşlu olduğu halda uduş fondunun müəyyən hissəsinə mülkiyyət hüququnu təsdiq edən sənədi ifadə edir.

2. Lotereyanın şərtləri

2.1. Lotereyanın şərtlərinin təsdiq edilməsi haqqında qərar Təşkilatçının icra orqanının rəhbəri tərəfindən imzalanır, möhürlə təsdiq edilir və lotereyanın şərtləri ilə birlikdə təqdim edilir.
2.2. Lotereyanın şərtlərində aşağıdakı məlumatlar göstərilməlidir:
2.2.1. Təşkilatçı haqqında məlumat (tam adı və olduğu yer);
2.2.2. lotereyanın adı və keçirilmə forması;
2.2.3. lotereyanın keçirilməsi müddəti;
2.2.4. lotereyanın keçirildiyi ərazi;
2.2.5. lotereya biletləri (bir lotereya biletinin və ya variantının qiyməti, lotereya biletinin nümunəsi, lotereya biletlərinin sayı və nömrələri (uduş fondunun məbləği satılmış lotereya biletlərinin məbləğindən asılı olaraq müəyyən edilən lotereyalarda istifadə olunan lotereya biletləri istisna olmaqla) və onların əldə edilməsi qaydaları haqqında məlumat;
2.2.6. lotereyanın uduş fondu haqqında məlumat;
2.2.7. lotereyanın uduş fondunun oynanılması qaydası (tarix(lər)i daxil olmaqla) haqqında məlumat;
2.2.8. uduşlu lotereya biletlərinin (onlara bərabər tutulan digər məlumat daşıyıcılarının) Təşkilatçı tərəfindən qəbulu və uduşların verilməsi (ödənilməsi) müddəti və qaydası haqqında məlumat;
2.2.9. tirajlı lotereyaya münasibətdə lotereyanın uduş fondunun məbləğinin satılmış lotereya biletlərinin miqdarından asılı olaraq müəyyən edilməsi və ya uduş fondunun təsbit edilmiş məbləği, uduş fondunun məbləği satılmış lotereya biletlərinin miqdarından asılı olaraq müəyyənləşdirildikdə uduş fondunun satılmış lotereya biletlərinin ümumi məbləğinə faiz nisbəti, lotereyanın uduş fondunun ümumi məbləği göstərildiyi halda hər uduşun adı, miqdarı və dəyəri (qiyməti);
2.2.10. lotereya iştirakçısının tələbi ilə qeyri-pul uduşlarının əvəzinə onların pul ekvivalentinin ödənilməsi imkanının olub-olmaması.
2.3. Məqsədli lotereyanın şərtlərində bu Qaydanın 2.2-ci bəndində göstərilən məlumatlardan əlavə lotereyanın keçirilməsi barədə Palatanın qərarı və maliyyələşdirilən dövlət əhəmiyyətli layihə haqqında məlumat göstərilməlidir.
2.4. Təşkilatçı lotereya iştirakçısının tələbi ilə lotereyanın şərtlərini ona təqdim etməlidir.
2.5. Təşkilatçı lotereyanın şərtlərini yalnız lotereya qeydiyyata alındıqdan sonra, lotereya biletlərinin satışı başlanana qədər kütləvi informasiya vasitələri ilə elan etməlidir.

3. Lotereya biletlərinə dair tələblər

3.1. Lotereya biletində (habelə onlara bərabər tutulan digər məlumat daşıyıcılarında) ən azı aşağıdakı məlumatlar göstərilməlidir:
3.1.1. Təşkilatçının tam adı və olduğu yer;
3.1.2. lotereyanın adı və keçirilmə forması;
3.1.3. lotereya biletinin nömrəsi və (və ya) seriyası;
3.1.4. uduş fondunun oynanılmasının tarixi (ani lotereyalar istisna olmaqla);
3.1.5. lotereya biletinin və ya bir variantın qiyməti;
3.1.6. lotereyanın uduş fondu haqqında məlumat (uduş fonduna daxil olan uduşların adları, hər uduş adı üzrə sayı, habelə qeyri-pul uduşlarının hər birinin qiyməti, uduş fondunun məbləği satılmış lotereya biletlərinin məbləğindən asılı olaraq müəyyən edildikdə isə, uduş fondunun satılmış lotereya biletlərinin ümumi məbləğinə faiz nisbəti);
3.1.7. uduş fondunun oynanılması şərtləri haqqında məlumat;
3.1.8. uduşların verilməsi (ödənilməsi) üçün uduşlu lotereya biletlərinin Təşkilatçı tərəfindən qəbulu müddəti və uduşların verilməsi (ödənilməsi) qaydaları haqqında məlumat;
3.1.9. lotereya biletini çap edən müəssisə haqqında məlumat (elektron lotereya biletləri istisna olmaqla);
3.1.10. lotereyanın qeydiyyata alınması haqqında məlumat (qeydiyyat tarixi və nömrəsi);
3.1.11. tirajlı lotereyalarda tirajın nömrəsi.
3.2. Lotereya biletlərində olan məlumatlar lotereyanın şərtlərində göstərilən məlumatlara uyğun olmalıdır.

4. Çap olunmuş lotereya biletlərinin satışının təşkilinə dair tələblər

4.1. Lotereya biletlərinin satışını Təşkilatçı və ya onunla müqavilə bağlamış satış təmsilçiləri həyata keçirir.
4.2. Təşkilatçı lotereyaların təşkili və keçirilməsi ilə bağlı məlumatların uçotunu aparmalı və bu məlumatları (sənədləri) azı 3 (üç) il ərzində saxlamalıdır. Uçotu aparılacaq məlumatların siyahısına ən azı aşağıdakılar daxildir:
4.2.1. çap edilən lotereya biletlərinin adı, növü, sayı, tarixi, nömrəsi və (və ya) seriyası;
4.2.2. çap edilən lotereya biletlərinin çap olunduğu yer, tarix, mətbəənin adı və ünvanı;
4.2.3. satışa çıxarılmış lotereya biletlərinin adı, növü, tarixi, nömrəsi və (və ya) seriyası;
4.2.4. satılmış lotereya biletlərinin adı, növü, sayı, tarixi, nömrəsi və (və ya) seriyası;
4.2.5. uduşu ödənilmiş lotereya biletlərinin adı, növü, sayı, uduş fondunun oynanılma və uduşun ödənilmə tarixləri, lotereya biletinin nömrəsi və (və ya) seriyası;
4.2.6. uduşu ödənilməmiş lotereya biletlərinin adı, növü, sayı, uduş fondunun oynanılma tarixi, lotereya biletinin nömrəsi və (və ya) seriyası;
4.2.7. uduşu Təşkilatçı tərəfindən bank köçürməsi yolu ilə həyata keçirilən lotereya iştirakçısının bank rekvizitləri, şəxsiyyətini təsdiq edən sənədin surəti, ödənişin edildiyi tarix, lotereya biletinin surəti; 4.2.8. lotereyalara dair ödənişlər üzrə bütün növ bank köçürmələri;
4.2.9. bu Qayda ilə müəyyən edilmiş ləğvetmə komissiyası tərəfindən tərtib edilmiş aktlarda və hesabat formalarında əks olunan digər məlumatlar.
4.3. Bu Qaydanın 4.2-ci bəndində qeyd olunan sənəd və məlumatlar Palata tərəfindən sorğu edildikdə Təşkilatçı həmin məlumatları (sənədləri) 5 (beş) iş günü ərzində təmin etməlidir.

5. Elektron lotereyaların təşkili və keçirilməsi

5.1. Təşkilatçı elektron lotereyaların təşkili və keçirilməsini “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınmış fərdi məlumatların informasiya sistemləri vasitəsi ilə və elektron ticarət haqqında qanunvericiliyə uyğun olaraq həyata keçirir.
5.2. İnformasiya sistemi Təşkilatçı tərəfindən (və ya onun sifarişi əsasında) hazırlanır.
5.3. Elektron lotereya biletini almaq istəyən şəxslər informasiya sistemində istifadəçi adını, şifrəni və bu Qaydanın 5.5-ci bəndində qeyd edilən fərdi məlumatlarını daxil edərək şəxsi kabinet yaradır. 5.4. Lotereya iştirakçısı olmaq hüququ olmayan (18 yaşına çatmamış) şəxslər tərəfindən informasiya sistemində şəxsi kabinetin yaradılmasına yol verilmir.
5.5. İnformasiya sistemində əks olunmalı məlumatların siyahısı aşağıdakı kimidir:
5.5.1. lotereya iştirakçısının adı, soyadı, atasının adı, doğum tarixi;
5.5.2. lotereya iştirakçısınının şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və FİN kodu;
5.5.3. lotereya iştirakçısının mobil nömrəsi və elektron poçt ünvanı.
5.6. Təşkilatçı elektron lotereya biletinin satışı zamanı lotereya iştirakçısı barəsində əldə etmiş olduğu məlumatların təhlükəsizliyini təmin etməli və qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla digər şəxslərə verməməlidir.
5.7. Lotereya iştirakçılarının şəxsi kabineti aşağıdakılara imkan verməlidir:
5.7.1. hər bir lotereya iştirakçısı üçün şəxsi kabinetin yaradılmasına, o cümlədən “istifadəçi adı” və “şifrə”nin müəyyən edilməsinə və dəyişdirilməsinə;
5.7.2. lotereya iştirakçısı tərəfindən lotereya biletlərinin seçilməsinə, tərtib edilməsinə, alınmasına və uduşlu olub-olmamasının yoxlanılmasına;
5.7.3. lotereya iştirakçısının istəyi ilə uduşun (uduşların) onun bank hesabına köçürülməsinə;
5.7.4. lotereya iştirakçısının şəxsi kabinetində apardığı bütün əməliyyatların tarixçəsinin saxlanılmasına;
5.7.5. lotereya iştirakçısı tərəfindən şəxsi kabinetdən edilmiş ödənişlərlə bağlı məlumatların və alınmış lotereya biletlərinin nüsxəsinin onun elektron poçt ünvanına göndərilməsinə və çap olunmasına. 5.8. Elektron lotereya biletlərinin nömrə və (və ya) seriyaları ardıcıl olaraq müəyyən edilməli, həmçinin çap formasında satılan biletlərin nömrə və (və ya) seriyalarını təkrar etməməlidir.
5.9. Təşkilatçı elektron sistemə nəzarətin təmin edilməsi və lotereyanın adı, keçirilmə forması, tirajın nömrəsi və uduş fondunun oynanılması tarixi, lotereya biletinin nömrəsi və (və ya) seriyası, habelə satılmış və uduşa düşmüş elektron lotereya biletləri üzrə axtarışlar aparmaq məqsədilə Palatanı bu sistemə baxış rejimində birbaşa çıxışla təmin edir.

6. Lotereyanın uduş fondu

6.1. Lotereyanın uduş fondu Təşkilatçının yalnız lotereya iştirakçıları qarşısındakı öhdəliklərinin yerinə yetirilməsi məqsədi ilə istifadə olunur.
6.2. Lotereyanın uduş fondu bu fondun oynanılmasınadək azı 1 (bir) saat qalmış formalaşdırılmalıdır.
6.3. Elektron lotereyaların uduş fondu oyunun başlanması anınadək formalaşdırılmalıdır.
6.4. Tirajlı lotereyanın uduş fondunun minimum həcmi müvafiq tiraj üzrə buraxılmış, uduş fondunun məbləği satılmış lotereya biletlərinin məbləğindən asılı olaraq müəyyən edildikdə isə, satılmış lotereya biletlərinin ümumi məbləğinin 50%-dən az və 80%-dən çox ola bilməz.
6.5. Ani lotereyanın uduş fondunun həcmi buraxılmış lotereya biletlərinin ümumi məbləğinin 50%-dən az və 80%-dən çox olmamalıdır.
6.6. Elektron lotereyaların uduş fondunun minimum həcmi müvafiq tiraj üzrə satılmış lotereya biletlərinin ümumi məbləğinin 50%-dən az ola bilməz.
6.7. Tirajlı lotereyanın uduş fondunun məbləği satılmış lotereya biletlərinin məbləğindən asılı olaraq müəyyən edildikdə, bir tirajın uduş fondunun oynanılmamış hissəsi lotereyanın şərtlərində nəzərdə tutulduqda növbəti tirajda oynanıla bilər.
6.8. Tirajlı lotereyanın uduş fondunun oynanılmasında yalnız satılmış lotereya biletləri iştirak edir.

7. Lotereyanın qeydiyyatı

7.1. Lotereyanın qeydiyyata alınması üçün Təşkilatçı lotereyanın keçirilməsinin başlanmasına azı 20 (iyirmi) iş günü qalmış bu Qaydanın 7.2-ci bəndinin tələbləri nəzərə alınmaqla, Palataya aşağıdakı sənədləri kağız daşıyıcıda və ya elektron formada təqdim edir:
7.1.1. lotereyanın qeydiyyata alınması üçün ərizə. Ərizədə Təşkilatçının tam adı, olduğu yer, lotereyanın adı və keçirilmə forması göstərilməlidir;
7.1.2. lotereyanın şərtləri; 7.1.3. lotereyada istifadə olunacaq lotereya biletinin nümunəsi;
7.1.4. Təşkilatçının dövlət qeydiyyatı haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surəti;
7.1.5. Təşkilatçının vergi orqanları tərəfindən uçota alınması haqqında sənədin surəti;
7.1.6. lotereya təşkilatçısının təsisçiləri haqqında məlumat:
7.1.6.1. təsisçi fiziki şəxs olduqda, onun şəxsiyyətini təsdiq edən sənədin surəti və imzası notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilməklə vətəndaş qüsursuzluğuna dair ərizəsi;
7.1.6.2. təsisçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarış;
7.1.7. son maliyyə ili üzrə, bir ildən az müddətdə fəaliyyət göstərdikdə isə bütün fəaliyyət dövrü üzrə təsdiq edilmiş maliyyə hesabatları (lotereyanın ilk dəfə qeydiyyata alınması halı istisna olmaqla). 7.2. Palata digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları özü əldə edir. Bu mümkün olmadığı hallarda həmin sənədlərin təqdim edilməsi Təşkilatçının razılığı ilə sorğu əsasında aidiyyəti qurumdan tələb olunur və ya Təşkilatçı tərəfindən təmin olunur.
7.3. Bu Qaydanın 7.1.4-7.1.7-ci yarımbəndlərində (7.1.6-cı yarımbənddə göstərilən məlumatlarda dəyişikliklər baş verdiyi hallar istisna olmaqla) göstərilən sənədlərin surəti Təşkilatçı tərəfindən keçirilən sonrakı lotereyaların qeydiyyatı zamanı tələb olunmur.
7.4. Palata lotereyanın şərtlərində göstərilən müddəaların aydınlaşdırılmasını və ya onlara konkretləşdirici müddəaların əlavə edilməsini, habelə təqdim olunmuş digər sənədlərdə aşkar edilmiş nöqsanların aradan qaldırılmasını, onlar təqdim edildiyi tarixdən etibarən 15 (on beş) iş günü müddətində Təşkilatçıdan tələb etmək hüququna malikdir.
7.5. Bu Qaydanın 7.1-ci bəndində göstərilən sənədlər Palataya təqdim edildiyi tarixdən etibarən 15 (on beş) iş günündən gec olmayaraq o, lotereyanın qeydiyyata alınması və ya bundan imtina barədə qərar qəbul edib, bu barədə Təşkilatçıya məlumat təqdim etməlidir.
7.6. Palata aşağıdakı əsaslarla lotereyanın qeydiyyata alınmasından imtina edir:
7.6.1. bu Qaydanın 7.1-ci bəndində göstərilən sənədlər Palataya tam şəkildə təqdim edilmədikdə;
7.6.2. Palataya təqdim olunmuş sənədlərə Qanunun və bu Qaydanın tələblərinə cavab verməyən və ya natamam, qeyri-dürüst, yaxud təhrif olunmuş məlumatlar daxil edildikdə.
7.7. Təşkilatçı lotereyanın qeydiyyata alınmasından imtina barədə qərardan inzibati və məhkəmə qaydasında şikayət verə bilər.
7.8. Qeydiyyata alınmamış lotereyaların keçirilməsinə yol verilmir.

8. Lotereyanın şərtlərinə əlavə və (və ya) dəyişikliklərin edilməsi

8.1. Lotereyanın şərtlərinə əlavə və (və ya) dəyişikliklərin edilməsi barədə qərar Təşkilatçının icra orqanının rəhbəri tərəfindən qəbul edilir.
8.2. Lotereyanın şərtlərinə əlavə və (və ya) dəyişikliklərin edilməsi üçün Təşkilatçı Palataya aşağıdakı sənədləri təqdim edir:
8.2.1. lotereyanın şərtlərinə əlavə və (və ya) dəyişikliklərin edilməsinə icazənin verilməsi üçün ərizə. Ərizədə Təşkilatçının tam adı, olduğu yer, lotereyanın adı və keçirilmə forması, lotereyanın şərtlərinə əlavə və (və ya) dəyişikliklərin edilməsi haqqında qərarın tarixi və nömrəsi, habelə həmin əlavə və (və ya) dəyişikliklərin qüvvəyə minməsi tarixi göstərilməlidir;
8.2.2. lotereya şərtlərinə əlavə və (və ya) dəyişikliklərin Təşkilatçının möhürü ilə təsdiq edilmiş və icra orqanının rəhbəri tərəfindən imzalanmış mətni;
8.2.3. lotereya şərtlərinin yeni redaksiyası.
8.3. Bu Qaydanın 8.2-ci bəndində göstərilən sənədlər Palataya təqdim edildiyi tarixdən etibarən 5 (beş) iş günündən gec olmayaraq Palata lotereyanın şərtlərinə əlavə və (və ya) dəyişikliklərin edilməsinə icazənin verilməsi və ya bundan imtina haqqında qərar qəbul edir. Lotereyanın şərtlərində dəyişiklik edilməsinə razılıq verilməsi və ya bundan imtina edilməsi barədə qərar Təşkilatçıya təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.
8.4. Palata lotereyanın şərtlərinə əlavə və (və ya) dəyişikliklərin edilməsinə icazənin verilməsindən aşağıdakı əsaslarla imtina edir:
8.4.1. bu Qaydanın 8.2-ci bəndində göstərilən sənədlər Palataya tam şəkildə təqdim edilmədikdə;
8.4.2. Palataya təqdim olunmuş sənədlərə lotereyalar haqqında qanunvericiliyə zidd olan, o cümlədən lotereya iştirakçılarının hüquqlarını məhdudlaşdıran, lotereyanın formasını dəyişən və ya dəyişməsinə təsir göstərən, satışa buraxılmış lotereya biletlərinin iştirak etdiyi tirajın və ya ani lotereyanın uduş fondunun tərkibini dəyişən və ya onun həcmini azaldan müddəalar daxil edildikdə.
8.5. Lotereyanın şərtlərinə əlavələr və (və ya) dəyişikliklər edilməsi üçün, onların başlamasına (ani lotereya) və ya aid olduğu tirajın uduş fondunun oynanılması tarixinə azı 15 (on beş) iş günü qalmış müraciət edilir.
8.6. Təşkilatçı lotereyanın şərtlərinə əlavə və (və ya) dəyişiklikləri onların başlamasına (ani lotereya) və ya aid olduğu tirajın uduş fondunun oynanılmasına azı 7 (yeddi) iş günü qalmış kütləvi informasiya vasitələri ilə elan etməlidir.

9. Tiraj komissiyası

9.1. Tirajlı lotereyalarda uduş fondunun qanunvericiliyə uyğun oynanılmasına nəzarəti həyata keçirən tiraj komissiyası Təşkilatçı tərəfindən yaradılır (elektron lotereyalar istisna olmaqla).
9.2. Tiraj komissiyası üzvlərinin sayı 5 (beş) nəfərdən az olmamaq şərti ilə tək sayda yaradılır.
9.3. Təşkilatçı tiraj komissiyasının ən azı bir üzvünü kütləvi informasiya vasitələrinin və ya ictimai təşkilatların nümayəndələrindən təyin edir.
9.4. Təşkilatçının vəzifəli şəxsləri, onların ailə üzvləri (ər, arvad, valideynlər, övladlar və övladlığa götürülmüş şəxslər, onların ərləri və arvadları, bacılar, qardaşlar, bacı və qardaş övladları, ər-arvadların bacıları, qardaşları və valideynləri, bacıların ərləri və qardaşların arvadları, valideynlərin bacıları və qardaşları, qəyyumlar və qəyyumluğa götürülənlər) tiraj komissiyasının üzvləri ola bilməzlər.
9.5. Tiraj komissiyasının sədri tiraj komissiyasının üzvləri tərəfindən adi səs çoxluğu ilə seçilir.
9.6. Tiraj komissiyasının qərarları adi səs çoxluğu ilə qəbul edilir. Qərar qəbul edilərkən tiraj komissiyasının üzvü bitərəf qala bilməz.
9.7. Tirajlı lotereyanın uduş fondunun oynanılmasının nəticələri tiraj komissiyasının üzvləri tərəfindən imzalanan aktla təsdiq olunur (elektron lotereyalar istisna olmaqla).
9.8. Uduş fondunun oynanılması zamanı lotereyanın şərtlərinin pozulması aşkar edildikdə bu, uduş fondunun oynanılmasının nəticələri haqqında aktda qeyd edilir. Tiraj komissiyası aşkar olunmuş pozuntular barədə 3 (üç) iş günü ərzində Palataya və Təşkilatçıya məlumat verməlidir.
9.9. Tiraj komissiyası qanunvericiliyin tələbləri pozulmaqla yaradıldıqda, Palata tiraj komissiyasının tərkibinə dəyişikliklərin edilməsi barədə Təşkilatçıya icrası məcburi olan göstəriş verir.

10. Uduşlu lotereya biletlərinin qəbulu və uduşların verilməsi (ödənilməsi)

10.1. Təşkilatçı tirajlı lotereyada uduş fondunun oynanılması tarixindən etibarən (ani lotereya istisna olmaqla) 5 (beş) iş günündən gec olmayaraq oynanılmış uduş fondu və uduşa düşmüş lotereya biletlərinin nömrəsi və (və ya) seriyası barədə məlumatı kütləvi informasiya vasitələri ilə elan etməlidir.
10.2. Satış təmsilçisi və ya Təşkilatçı tərəfindən lotereya iştirakçısına uduşun ödənilməsi zamanı lotereya iştirakçısının şəxsiyyətini təsdiq edən sənəd və lotereya biletinin uduşlu olması yoxlanılmalıdır.
10.3. Uduşların lotereya iştirakçısına əvvəlcədən ödənilmiş kartlar vasitəsilə ödənilməsi tələbləri “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları” əsasında həyata keçirilir.
10.4. Təşkilatçı uduşların verilməsi (ödənilməsi) üçün uduşlu lotereya biletlərini lotereyanın şərtlərində göstərilmiş qəbul müddəti ərzində lotereya iştirakçılarının ilk tələbi ilə qəbul etməlidir.
10.5. Elektron lotereya bileti uduşa düşdüyü halda, bu haqda məlumat dərhal lotereya iştirakçısının şəxsi kabinetində əks olunur. Lotereya iştirakçısı şəxsi kabinet vasitəsilə uduşa düşmüş vəsaitin onun bank hesabına köçürülməsi üçün müvafiq bank hesabının rekvizitlərini informasiya sisteminə daxil edə bilər.
10.6. Təşkilatçı tərəfindən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl edilməlidir.
10.7. Tirajlı lotereyada uduşlu lotereya biletlərinin Təşkilatçı tərəfindən qəbulu müddəti həmin tirajın uduş fondu oynanıldığı tarixdən etibarən 7 (yeddi) iş günündən gec olmayaraq başlamalı və 90 (doxsan) iş günündən az olmamalıdır.
10.8. Ani lotereyada uduşlu lotereya biletlərinin Təşkilatçı tərəfindən qəbulu lotereya keçirilməyə başlandığı tarixdən başlamalı və lotereyanın keçirilməsi başa çatdığı tarixdən ən azı 90 (doxsan) iş günü davam etməlidir. Ani lotereyanın başa çatması barədə məlumatın Təşkilatçı tərəfindən elan edildiyi tarix ani lotereyanın başa çatdığı tarix hesab olunur.
10.9. Lotereyanın şərtlərində nəzərdə tutulduğu halda, lotereya iştirakçısının tələbi ilə qeyri-pul uduşlarının əvəzinə onların pul ekvivalentinin ödənilməsinə yol verilir.
10.10. Uduş fondunun oynanılması zamanı lotereyanın şərtlərinin pozulması barədə tiraj komissiyasından məlumat aldıqda, Təşkilatçı Palata tərəfindən müvafiq qərar qəbul edilənədək uduşların verilməsini (ödənilməsini) dayandırmalıdır.

11. Uduşlu lotereya biletlərinin saxlanılması, satılmamış lotereya biletlərinin satıcılardan geri alınması və məhv edilməsi

11.1. Uduşu ödənilmiş lotereya biletləri Təşkilatçı tərəfindən (uduşu ödənilmiş elektron biletlər informasiya sisteminin verilənlər bazasında) 3 (üç) il ərzində saxlanmalıdır.
11.2. Satılmamış lotereya biletləri uduş fondunun oynanılmasınadək Təşkilatçı tərəfindən geri alınmalıdır. Bu müddət bitdikdən sonra təhvil verilməmiş lotereya biletləri satılmış hesab olunurlar.
11.3. Satılmamış lotereya biletləri və saxlanma müddəti başa çatmış uduşlu lotereya biletləri Təşkilatçının yaratdığı ləğvetmə komissiya tərəfindən məhv edilir.
11.4. Lotereya biletlərinin məhv edilməsi onların tamlığını pozan, təyinatı üzrə istifadəsini və eyniləşdirilməsini qeyri-mümkün edən üsullarla (lotereya biletlərinin yandırılması və s.) həyata keçirilir.
11.5. Ləğvetmə komissiyası üzvlərinin sayı 3 (üç) nəfərdən az olmamaq şərti ilə tək saylı olmalıdır.
11.6. Lotereya biletlərinin məhv edilməsinin nəticələrinə görə ləğvetmə komissiyası tərəfindən akt tərtib edilməlidir. Lotereya biletlərinin məhv edilməsi haqqında aktda aşağıdakılar göstərilməlidir:
11.6.1. Təşkilatçının tam adı;
11.6.2. məhv edilən lotereya biletlərinin istifadə edildiyi lotereyanın adı, növü, qeydiyyat tarixi və qeydiyyat nömrəsi;
11.6.3. lotereya biletlərinin məhv edilməsi tarixi və yeri;
11.6.4. ləğvetmə komissiyasının hər bir üzvünün adı, atasının adı, soyadı və iş yeri;
11.6.5. tirajın nömrəsi və həmin tiraj üzrə məhv edilən uduşlu lotereya biletlərinin ümumi sayı (tirajlı lotereyalar üçün);
11.6.6. tirajın nömrəsi və həmin tiraj üzrə məhv edilən satılmamış lotereya biletlərinin ümumi sayı (tirajlı lotereyalar üçün);
11.6.7. ani lotereya üzrə məhv edilən uduşlu lotereya biletlərinin ümumi sayı;
11.6.8. ani lotereya üzrə məhv edilən satılmamış lotereya biletlərinin ümumi sayı;
11.6.9. lotereya biletlərinin məhv edilməsi üsulu.
11.7. Lotereya biletlərinin məhv edilməsi haqqında akt hər lotereya üzrə ayrıca tərtib olunur.
11.8. Lotereya biletlərinin məhv edilməsi haqqında aktın hər səhifəsi ləğvetmə komissiyasının üzvləri tərəfindən imzalanır. Ləğvetmə komissiyasının üzvü aktı imzalamaqdan imtina etdikdə, bunun səbəblərini aktda göstərməlidir.
11.9. Aktın tərtib edildiyi tarixdən etibarən 7 (yeddi) iş günündən gec olmayaraq, onun bir nüsxəsi Təşkilatçı tərəfindən Palataya təqdim olunmalıdır.
11.10. Tirajlı lotereyada tirajın uduş fondunun oynanılması başa çatanadək həmin tiraj üzrə satılmamış lotereya biletlərinin məhv edilməsinə yol verilmir.
11.11. Ani lotereyada uduşların verilməsi müddəti başa çatanadək həmin lotereya üzrə satılmamış lotereya biletlərinin məhv edilməsinə yol verilmir.

12. Lotereyanın dayandırılması və onun keçirilməsinə xitam verilməsi

12.1. Lotereyalar haqqında qanunvericiliyin tələblərinin və ya lotereyanın şərtlərinin Təşkilatçı tərəfindən pozulması aşkar edildikdə, Palata həmin pozuntuların aradan qaldırılması üçün ona xəbərdarlıq edir və ya lotereyanın dayandırılması barədə qərar qəbul edir.
12.2. Təşkilatçı lotereyanın dayandırılması barədə bildirişi və ya xəbərdarlığı aldığı tarixdən etibarən 20 (iyirmi) iş günü ərzində aşkar edilmiş pozuntuları aradan qaldırmalı və bu barədə Palataya məlumat verməlidir.
12.3. Palata pozuntuların aradan qaldırılması barədə Təşkilatçıdan məlumat aldıqda, 5 (beş) iş günündən gec olmayaraq lotereyanın bərpa edilməsi və ya aradan qaldırılmamış pozuntular göstərilməklə, lotereyanın dayandırılmasının qüvvədə saxlanılması barədə Təşkilatçıya yazılı bildiriş göndərir.
12.4. Təşkilatçı aşkar olunmuş pozuntuları bu Qaydanın 12.2-ci bəndində göstərilən müddətdə aradan qaldırmadıqda və ya onların aradan qaldırılması barədə məlumatı təqdim etmədikdə, Palata lotereyanın keçirilməsinə xitam verilməsi barədə məhkəmədə vəsatət qaldıra bilər.
12.5. Palata aşağıdakı əsaslarla lotereyanın keçirilməsinə xitam verir:
12.5.1. Təşkilatçı lotereyanın keçirilməsinə xitam verilməsi barədə ərizə ilə müraciət etdikdə;
12.5.2. Təşkilatçı ləğv edildikdə;
12.5.3. məhkəmənin qərarı olduqda.
12.6. Təşkilatçı lotereyanın dayandırılması və ya ona xitam verilməsi barədə bildirişi aldıqda, bu barədə məlumatı kütləvi informasiya vasitələri ilə dərhal elan etməlidir.
12.7. Lotereyanın dayandırılması və ya ona xitam verilməsi barədə Təşkilatçı tərəfindən verilən elanda aşağıdakılar göstərilməlidir:
12.7.1. Təşkilatçının tam adı;
12.7.2. lotereyanın adı, forması və növü;
12.7.3. lotereyanın dayandırılması və ya ona xitam verilməsi haqqında qərarın qəbul edildiyi tarix və onu qəbul edən qurumun adı;
12.7.4. lotereyanın dayandırılması və ya ona xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsas;
12.7.5. keçirilməsi baş tutmamış tirajın nömrəsi və onun uduş fondunun oynanılması nəzərdə tutulduğu tarix (tirajlı lotereyalar üçün);
12.7.6. uduş fondunun oynanılmasında iştirak etməmiş lotereya biletlərinin yığılması və onların dəyərinin lotereya biletlərinin sahiblərinin ilk tələbi ilə ödənilməsi müddəti;
12.7.7. uduş fondunun oynanılmasında iştirak etməmiş lotereya biletlərinin yığılmasının və onların dəyərinin lotereya biletlərinin sahiblərinin ilk tələbi ilə ödənilməsinin həyata keçirildiyi yerlərin ünvanları və mövcud olan digər əlaqə məlumatları.
12.8. Təşkilatçı lotereyanın dayandırılması və ya onun keçirilməsinə xitam verilməsi haqqında məhkəmə qərarının qəbul edilməsi barədə bildiriş aldıqda, lotereyanın uduş fondunun oynanılmasında iştirak etməmiş lotereya biletlərinin yığılmasını və onların dəyərini lotereya biletlərinin sahiblərinin ilk tələbi ilə ödənilməsini təmin etməlidir.
12.9. Təşkilatçı lotereyanın keçirilməsinə xitam verilməsi barədə ərizə ilə müraciət etdikdə ərizədə Təşkilatçının adını, lotereyanın adı və keçirilmə formasını, lotereyanın qeydiyyat tarixini və nömrəsini, uduş fondunun oynanılma tarixini (birdən çox tiraj olduqda hər tirajın uduş fondunun oynanıldığı tarixi), lotereyaya xitam verilməsi üzrə müraciətin əsaslandırılmış səbəbini qeyd edir və ərizəni Təşkilatçının icra orqanının rəhbərinin imza və möhürü ilə və ya gücləndirilmiş elektron imzası ilə təsdiq edir.
12.10. Palata daxil olmuş ərizəyə 5 (beş) iş günü ərzində baxaraq əlavə məlumatlandırma tələb edilmədiyi halda lotereyanın keçirilməsinə xitamın verilməsi ilə bağlı qərar qəbul edir və yazılı formada Təşkilatçını məlumatlandırır.
12.11. Təşkilatçı Palatanın bu Qaydanın 12.10-cu bəndində qeyd olunan qərarını aldıqdan sonra bu Qaydanın 12.7-ci bəndinə müvafiq olaraq lotereyanın keçirilməsinə xitam verilməsi ilə bağlı məlumatı kütləvi informasiya vasitələri ilə dərhal elan edir.
12.12. Təşkilatçı ləğv edildikdə lotereyanın keçirilməsinə xitamın verilməsi yalnız müvafiq ləğvetmə qərarının Palataya təqdim edilməsi yolu ilə həyata keçirilə bilər. Bu halda Palata daxil olmuş müraciətə 5 (beş) iş günündən gec olmayaraq baxaraq lotereyanın keçirilməsinə xitam verilməsi ilə bağlı qərar qəbul edir.
12.13. Təşkilatçı Palatanın bu Qaydanın 12.12-ci bəndində qeyd olunan qərarını aldıqdan sonra bu Qaydanın 12.7-ci bəndinə müvafiq olaraq lotereyanın keçirilməsinə xitam verilməsi ilə bağlı məlumatı kütləvi informasiya vasitələri ilə dərhal elan edir.
12.14. Lotereyanın dayandırılması və ya ona xitam verilməsi Təşkilatçını oynanılmış uduşların verilməsi (ödənilməsi) vəzifəsindən azad etmir.
12.15. Uduş fondunun oynanılmasında iştirak etməmiş lotereya biletlərinin Təşkilatçı tərəfindən yığılması müddəti bu Qaydanın 12.7-ci bəndində göstərilən elan dərc edildiyi tarixdən etibarən 3 (üç) iş günündən gec olmayaraq başlamalı və 90 (doxsan) iş günündən az olmamalıdır.
12.16. Uduş fondunun oynanılmasında iştirak etməmiş lotereya biletləri Təşkilatçı tərəfindən qəbul edildiyi tarixdən etibarən 30 (otuz) iş günündən gec olmayaraq ödənilməlidir.

13. Lotereyaların reklamına dair tələblər

13.1. Lotereyaların reklamının sifarişçisi qismində Təşkilatçı çıxış edir. Reklam lotereya biletlərinin (onlara bərabər tutulan digər məlumat daşıyıcılarının) üzərində yerləşdirilə bilər.
13.2. Lotereyada udan şəxsin yazılı razılığı olmadan, adı reklamda açıqlana bilməz.
13.3. Lotereyaların reklamında aşağıdakılara yol verilmir:
13.3.1. yetkinlik yaşına çatmayanlara müraciət olunması;
13.3.2. lotereyalarda iştirakın cəmiyyətdə nüfuz qazanmaq vasitəsi olması fikrinin yaradılması;
13.3.3. lotereyalarda qazanc əldə edilməsinə zəmanət verilməsi;
13.3.4. lotereyalarda iştirak etməyənlərin nüfuzdan salınması.
13.4. Lotereyaların reklamı telekommunikasiya, kütləvi informasiya, nəqliyyat vasitələrində, açıq məkanda olan reklam daşıyıcılarında yerləşdirilə bilər. Lotereyaların açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 100 metr kənarda olan reklam daşıyıcılarında yerləşdirilir.

14. Nəzarətin forması

Lotereyaların təşkili və keçirilməsinə nəzarət Təşkilatçı tərəfindən təqdim edilmiş hesabatlar və Palata tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada növbəti və növbədənkənar yerində yoxlamalar əsasında həyata keçirilir.

15. Hesabatların tərtibi və təqdim edilməsinə dair tələblər

15.1. Təşkilatçı aşağıdakı hesabatları (məlumatları) Palataya təqdim edir:
15.1.1. uduş fondunun oynanılmasına azı 1 (bir) iş günü qalmış – tiraj komissiyasının üzvləri haqqında hesabat;
15.1.2. tirajlı lotereyada tirajın uduş fondunun oynanılmasına azı 30 (otuz) dəqiqə qalmış (elektron lotereyalar istisna olmaqla) – lotereya biletləri haqqında hesabat;
15.1.3. tirajlı lotereyada tirajın uduş fondunun oynanılması başa çatdığı tarixdən etibarən 3 (üç) iş günündən gec olmayaraq – tirajın yekunları haqqında hesabat, tirajın satılmamış lotereya biletlərinin məhv edilməsi haqqında hesabat və uduş fondunun oynanılmasının nəticələri haqqında tiraj komissiyası tərəfindən tərtib olunmuş aktın bir nüsxəsi;
15.1.4. tirajlı lotereyada uduşlu lotereya biletlərinin Təşkilatçı tərəfindən qəbulu müddəti başa çatdığı tarixdən etibarən 3 (üç) iş günündən gec olmayaraq – uduşlu lotereya biletlərinin qəbulu haqqında hesabat;
15.1.5. ani lotereyaların keçirilməsinə başlandıqdan sonra 3 (üç) iş günü ərzində – ani lotereyalar üzrə çap olunmuş və satışa buraxılmış lotereya biletləri haqqında hesabat;
15.1.6. ani lotereyanın keçirilməsi və həmin lotereyada uduşların ödənilməsi müddəti ərzində hər təqvim ayı bitdikdən sonra növbəti 5 (beş) iş günü ərzində – ani lotereyada uduşlu lotereya biletlərinin qəbulu haqqında hesabat;
15.1.7. ani lotereyanın keçirilməsi və həmin lotereyada uduşların ödənilməsi müddəti başa çatdığı tarixdən etibarən 3 (üç) iş günündən gec olmayaraq – ani lotereyada uduşlu lotereya biletlərinin qəbulu haqqında hesabat;
15.1.8. hər rübün sonunda növbəti ayın 15-dən gec olmayaraq – lotereyaların keçirilməsinə dair rüblük statistik məlumatlar;
15.1.9. hesabat ili başa çatdıqdan sonra növbəti ilin aprel ayının 30-dan gec olmayaraq – kənar audit yoxlamasına dair illik hesabat (audit rəyi də daxil olmaqla).
15.2. Tiraj komissiyasının üzvləri haqqında hesabatda aşağıdakılar göstərilir:
15.2.1. Təşkilatçının tam adı; 15.2.2. lotereyanın adı, növü və tirajın nömrəsi;
15.2.3. tirajın uduş fondunun oynanılması tarixi;
15.2.4. tiraj komissiyasının hər bir üzvünün adı, atasının adı, soyadı və iş yeri.
15.3. Tirajlı lotereyanın lotereya biletləri haqqında hesabatda aşağıdakılar göstərilir:
15.3.1. Təşkilatçının tam adı; 15.3.2. lotereyanın adı, növü və tirajın nömrəsi;
15.3.3. tirajın uduş fondunun oynanılması tarixi və vaxtı;
15.3.4. uduş fondunun oynanılmasında iştirak edən (satılmış) lotereya biletlərinin sayı və siyahısı;
15.3.5. uduş fondunun oynanılmasında iştirak etməyən (satılmamış) lotereya biletlərinin sayı və siyahısı.
15.4. Tirajın yekunları haqqında hesabatda aşağıdakılar göstərilir:
15.4.1. Təşkilatçının tam adı;
15.4.2. lotereyanın adı, növü və tirajın nömrəsi;
15.4.3. tirajın uduş fondunun oynanılması tarixi və vaxtı;
15.4.4. lotereyanı yayımlayan kütləvi informasiya vasitəsi (KİV);
15.4.5. lotereyanın nəticələrinin dərc olunduğu/olunacağı KİV;
15.4.6. tiraj komissiyasının üzvləri haqqında məlumat (ad, soyad, ata adı, iş yeri);
15.4.7. uduş fondunun məbləği;
15.4.8. lotereya biletlərinin uduşlu olmasını müəyyən etmək imkanı verən ardıcıl göstəricilər (uduş fondunun oynanılması bir neçə mərhələdən ibarət olduqda, hər mərhələ üçün ayrı-ayrılıqda göstərilir);
15.4.9. uduşlu biletlərin siyahısı və uduş məbləğləri.
15.5. Tirajın satılmamış lotereya biletlərinin məhv edilməsi haqqında hesabatda aşağıdakılar göstərilir:
15.5.1. Təşkilatçının tam adı; 15.5.2. lotereyanın adı, növü və tirajın nömrəsi;
15.5.3. tirajın uduş fondunun oynanılması tarixi;
15.5.4. lotereya biletlərinin məhv edilmə tarixi və yeri;
15.5.5. ləğvetmə komissiyasının üzvlərinin adı, soyadı, ata adı və iş yerləri;
15.5.6. ləğv edilən lotereya biletlərinin sayı və siyahısı.
15.6. Uduşlu lotereya biletlərinin qəbulu haqqında hesabatda aşağıdakılar göstərilir:
15.6.1. Təşkilatçının tam adı;
15.6.2. lotereyanın adı, növü və tirajın nömrəsi;
15.6.3. tirajın uduş fondunun oynanılması tarixi;
15.6.4. qəbul edilmiş uduşlu lotereya biletlərinin siyahısı və uduş məbləğləri;
15.6.5. qəbul edilməmiş uduşlu lotereya biletlərinin siyahısı və uduş məbləğləri.
15.7. Ani lotereyalar üzrə çap olunmuş və satışa buraxılmış lotereya biletləri haqqında hesabatda aşağıdakılar göstərilir:
15.7.1. Təşkilatçının tam adı;
15.7.2. lotereyanın adı, onun başlanılma və bitmə tarixləri;
15.7.3. çap olunmuş lotereya biletlərinin sayı və siyahısı.
15.8. Ani lotereyada uduşlu lotereya biletlərinin qəbulu haqqında aylıq hesabatda aşağıdakılar göstərilir:
15.8.1. Təşkilatçının tam adı;
15.8.2. lotereyanın adı;
15.8.3. hesabatın əhatə etdiyi dövr (hesabat ayı);
15.8.4. qəbul edilmiş uduşlu lotereya biletlərinin siyahısı və uduş məbləğləri.
15.9. Ani lotereyada uduşlu lotereya biletlərinin qəbulu haqqında yekun hesabatda aşağıdakılar göstərilir:
15.9.1. Təşkilatçının tam adı;
15.9.2. lotereyanın adı;
15.9.3. uduşlu lotereya biletlərin Təşkilatçı tərəfindən qəbulunun son tarixi;
15.9.4. qəbul edilmiş uduşlu lotereya biletlərinin sayı, siyahısı və uduş məbləğləri;
15.9.5. qəbul edilməmiş uduşlu lotereya biletlərinin sayı, siyahısı və uduş məbləğləri;
15.10. Lotereyaların keçirilməsinə dair rüblük statistik məlumatlarda aşağıdakılar göstərilir:
15.10.1. rüb ərzində satılmış lotereya biletlərinin (çap olunmuş və elektron satılmış biletlər ayrı-ayrılıqda) hər lotereya adı üzrə satış həcmi;
15.10.2. rüb ərzində keçirilən lotereyaların cəmi uduşları barədə məlumat;
15.10.3. rüb ərzində 1000 manatadək və 1000 manatdan yuxarı olan udulmuş biletlərin faiz nisbətlərinə dair məlumat;
15.10.4. rüb ərzində lotereyanın adı, növü və tiraj sayı göstərilməklə uduşlu lotereya biletlərinin ödənilməmiş hissəsi barədə məlumat (olduqda);
15.10.5. Təşkilatçı tərəfindən uduşlu lotereya biletlərinin ödənilməsindən imtina edilmiş lotereya biletləri barədə məlumat (olduqda);
15.10.6. rüb ərzində daxil olan şikayətlər (şikayət edən şəxslərin adı, soyadı, əlaqə vasitələri, şikayətin məzmunu və şikayətin təmin olunma statusu) barədə məlumat.
15.11. Bu Qaydanın 15-ci bəndində göstərilən hesabatlar Təşkilatçının icra orqanının rəhbər şəxsinin imza və möhürü ilə və ya gücləndirilmiş elektron imzası ilə təsdiq edilməlidir.
15.12. Təşkilatçı tərəfindən bu Qaydanın 15-ci bəndində qeyd olunan hesabat və məlumatlar tələb olunan müddətə Palataya təqdim olunmadıqda Təşkilatçıya Palata tərəfindən 3 (üç) iş günü müddətində icrası məcburi olan yazılı göstəriş verilir. Göstərişdə 7 (yeddi) iş günü ərzində hesabatlarla birgə onların vaxtında təqdim olunmama səbəbi barədə izahat verilməsi tələb edilir.
15.13. Palata tərəfindən hesabatların bu Qaydanın tələblərinə uyğunluğu yoxlanılır, çatışmazlıqlar aşkar edildikdə, hesabatlara müvafiq düzəlişlərin edilməsi və çatışmazlıqların aradan qaldırılması ilə bağlı göstəriş verilir. Hesabatlardakı çatışmazlıqlar Təşkilatçıya bildirildikdən sonra 5 (beş) iş günü ərzində Təşkilatçı həmin çatışmazlıqları aradan qaldıraraq hesabatları və tələb olunan yazılı məlumatları yenidən Palataya təqdim edir.
15.14. Təşkilatçı tərəfindən bu Qayda ilə müəyyən edilmiş qaydada hesabatların təqdim edilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.

16. Lotereyanın keçirilməsinə dair təşkilati tələblər

16.1. Lotereya avadanlıqlarının sazlığına və dürüst istismarına Təşkilatçı məsuldur.
16.2. Təşkilatçı lotereya avadanlığının sazlığının və dürüst istismarının təmin edilməsinə dair daxili qaydalara malik olmalıdır.
16.3. Tiraj komissiyasının üzvləri lotereyanın keçirilməsindən əvvəl daxili qaydalarla tanış olmalı və lotereya avadanlığının prosedura uyğun fəaliyyət göstərdiyinə əmin olmalıdır.
16.4. Lotereya müvafiq əşyaların (şar, kupon və s.) ixtiyari seçiminə əsaslanaraq keçirildikdə həmin əşyalar eyni çəkidə, eyni həcmdə və eyni formada olmalıdır.
16.5. Hər hansı müvafiq əşya deformasiyaya uğradıqda və ya bu Qaydanın 16.4-cü bəndində göstərilən tələblərdən fərqləndikdə həmin əşya dərhal yenisi ilə dəyişdirilməli və bu dəyişiklik aktlaşdırılmalıdır.
16.6. Müvafiq əşyaları qarışdıran avadanlıq (lototron) şəffaf plastik və ya şüşə örtüklü olmalı və qarışdırılanlar kənardan aydın görünməlidir.
16.7. Lotereya avadanlıqları istifadə edilmədiyi zamanlarda növbəti istifadəyə qədər onlara müdaxilə edilməməsi üçün qapalı yerlərdə saxlanılmalı və ya plomblanmalıdır.
16.8. Plombların qoyulması və açılması Təşkilatçı tərəfindən məsul edilən şəxs tərəfindən həyata keçirilir.
16.9. Lotereya avadanlıqları ildə 2 dəfə texniki baxışdan keçirilməli və mütəxəssislər tərəfindən rəy verilərək sənədləşdirilməlidir.

17. Yoxlamanın həyata keçirilməsi

17.1. Palata lotereyaların təşkili və keçirilməsinin qanunvericiliyə uyğunluğunu yoxlamaq və lotereya iştirakçılarının hüquqlarını qorumaq məqsədi ilə yoxlamalar aparır.
17.2. Palata tərəfindən Təşkilatçıda yoxlamalar aparılan zaman “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.2-ci maddəsinin tələbləri nəzərə alınır.
17.3. Yoxlamalar dövriliyinə görə növbəti və ya növbədənkənar, əhatə dairəsinə görə isə hərtərəfli (kompleks) və ya məqsədli (tematik) yoxlamalara ayrılır. Növbəti yoxlama hərtərəfli, növbədənkənar yoxlama isə hərtərəfli və ya məqsədli olur.
17.4. Palata tərəfindən Təşkilatçının növbəti yoxlanılması Palatanın müəyyən etdiyi qrafik üzrə 2 (iki) ildə bir dəfədən az olmayaraq aparılır. Növbəti il üçün növbəti yoxlamaların qrafiki hər il noyabr ayının 30-dək Palatanın İdarə Heyətinin sədri tərəfindən təsdiq edilir.
17.5. Palata tərəfindən Təşkilatçıda növbədənkənar yoxlamalar aşağıdakı hallarda aparılır:
17.5.1. Təşkilatçı tərəfindən təqdim edilmiş hesabatlarda yanlış və ya təhrif olunmuş məlumatlar aşkar edildikdə;
17.5.2. daxil olan şikayət(lər) və qanunazidd əməliyyatlar haqqında mənbəyi məlum olan məlumatlarla bağlı halların yerində yoxlanılması məqsədilə;
17.5.3. qanunvericiliyin tələblərinin pozulması faktları aşkar edildikdə;
17.5.4. sonuncu yoxlama nəticəsində aşkar edilmiş pozuntuların və ya onların nəticələrinin müəyyən edilmiş müddət ərzində aradan qaldırılmasına dair çıxarılmış qərarın yerinə yetirilməsi haqqında Təşkilatçı tərəfindən Palataya məlumat verilmədikdə və ya verilmiş məlumatın yanlış olduğu müəyyən edildikdə.
17.6. Hərtərəfli yoxlamanın dövriliyi Təşkilatçıda aparılmış son yoxlamanın başa çatdığı tarixdən növbəti yoxlamaya qədər olan müddət hesab olunur.
17.7. Yoxlama Palatanın qərarı ilə təsdiq edilən sənəd əsasında (imzalanmış yoxlama vəsiqəsi) həyata keçirilir. Yoxlama vəsiqəsində həmin qərarın nömrəsi və tarixi, Təşkilatçının adı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, Təşkilatçının ünvanı, yoxlamanın növü, yoxlamanı həyata keçirəcək əməkdaş(lar)ın adı, ata adı, soyadı, vəzifəsi və yoxlamanın müddəti (başlama və başa çatma tarixləri qeyd edilməklə), növbədənkənar yoxlama zamanı bu Qaydanın 17.5-ci bəndində göstərilmiş müvafiq hala istinad göstərilir. Yoxlama vəsiqəsi iki nüsxədə hazırlanır.
17.8. Yoxlama vəsiqəsinin bir nüsxəsi Təşkilatçıda, digər nüsxəsi isə Palatada qalır.
17.9. Növbəti yoxlamanın müddəti 20 (iyirmi) iş günündən, növbədənkənar yoxlamanın müddəti isə 10 (on) iş günündən artıq olmamalıdır. Növbəti və növbədənkənar yoxlamanın müddəti yoxlama vəsiqəsinin nəzarət subyektinə təqdim edildiyi gündən başlanmış hesab edilir və yoxlama haqqında hesabatın bu Qaydanın 17.12-ci bəndində nəzərdə tutulmuş qaydada Təşkilatçıya təqdim olunduğu gün başa çatmış hesab olunur.
17.10. Yoxlama zamanı Təşkilatçının səlahiyyətli şəxsləri Palatanın yoxlamada iştirak edən əməkdaşlarına öz vəzifə səlahiyyətlərinin icrası üçün lazımi şərait yaratmalı, informasiya və sənədləri təqdim etməli, habelə müvafiq informasiya sistemlərinə girişi təmin etməlidir. Yoxlamalar iş günü və Təşkilatçının iş vaxtı ərzində həyata keçirilir.
17.11. Yoxlamanın başa çatdığı gündən 7 (yeddi) iş günü ərzində yoxlamanın əhatə etdiyi məsələlər, aşkar olunmuş çatışmazlıq və pozuntulara dair yoxlama haqqında hesabat Palatanın yoxlamanı həyata keçirən əməkdaşları tərəfindən iki nüsxədə hazırlanır və imzalanır.
17.12. Yoxlama haqqında hesabat Palatanın yoxlamanı həyata keçirən əməkdaşları tərəfindən imzalandıqdan sonra həmin gün ərzində onun bir nüsxəsi Təşkilatçıya imzalanmaq üçün kağız daşıyıcıda təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir, digər nüsxəsi isə Palatada qalır.
17.13. Təşkilatçı yoxlama haqqında hesabatı aldığı gündən 5 (beş) iş günü ərzində onunla tanış olur və imzalayaraq Palataya təqdim edir.
17.14. Yoxlama haqqında hesabatın nüsxəsi bu müddətdə Palataya təqdim olunmadıqda, Palatada qalan nüsxədə bu barədə qeyd aparılır.
17.15. Təşkilatçı hesabatda əks olunan nəticələrlə razı olmadıqda, yoxlama haqqında hesabatı imzalayaraq, hesabata ona dair izahatını əlavə edir.
17.16. Yoxlama qrupunun rəhbəri tərəfindən “Maliyyə bazarlarında nəzarət edilən subyektlər tərəfindən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına ödənilən haqların tənzimlənməsi Qaydaları”na müvafiq olaraq növbədənkənar yoxlamalar üzrə haqların alınması üçün Təşkilatçıya yoxlamanın həyata keçirilməsinə dair 2 nüsxədə akt təqdim edilir və akt bankın müvafiq səlahiyyətli şəxsi tərəfindən imzalanır. İmzalanmış aktın bir nüsxəsi yoxlama qrupunun rəhbərinə qaytarılır və qeyd olunan akt əsasında yoxlanılan Təşkilatçıya Palata tərəfindən hesab-faktura təqdim edilir.

18. Məlumatların açıqlanması

18.1. Təşkilatçı lotereyalara dair aşağıdakı məlumatları illik əsasda növbəti ilin aprel ayının 30-dan gec olmayaraq rəsmi internet səhifəsində və kütləvi informasiya vasitələrində açıqlayır:
18.1.1. hesabat dövründə keçirilən lotereyaların adı, növü və tiraj sayı göstərilməklə ümumi satış dövriyyəsi barədə məlumatları;
18.1.2. keçirilən lotereyalar üzrə oynanılan iri (5000 manat və ondan yuxarı olan) uduşlar barədə məlumatları;
18.1.3. keçirilən lotereyalar üzrə cəmi uduşlar barədə məlumatları;
18.1.4. Təşkilatçının kənar auditor rəyi ilə təsdiq edilmiş illik maliyyə hesabatları.

BİZİMLƏ ƏLAQƏ